You must enable JavaScript to view this site.
This site uses cookies. By continuing to browse the site you are agreeing to our use of cookies. Review our legal notice and privacy policy for more details.
Close
Homepage > Regions / Countries > Europe and Central Asia > South Caucasus > Azerbaijan > Nagorno-Karabakh: A Plan for Peace

Dağlıq Qarabağ: Sülh planı

Europe Report N°167 11 Oct 2005

QISA XÜLASƏ VƏ TÖVSİYƏLƏR

Cənubi Qafqazda sabitliyə ən mühüm maneə olan uzunsürən Dağlıq Qarabağ münaqişəsinin çözümünə nail olmaq Azərbaycan və Ermənistandan bu yaxınlarda gələn nikbin notlara baxmayaraq, hələ ki, çətindir. 1994-cü ildə imzalanmış atəşkəsdən 11 il sonra hərbi büdcənin artırılması, artmış atəşkəs pozuntuları və tərəflərin bir-birini qəddar düşmən kimi təqdim etməsi buna işarə edir ki, sülhün bağlanması üçün vaxt məhduddur. Lakin hal-hazırda belə bir yanaşma ətrafında kompromisə gəlmək olar ki, mübahisəli məsələləri həll edərək əsas məsələ olan Dağlıq Qarabağın son statusu digər tədbirlər görüldükdən sonra gələcəkdə müəyyənləşdirilməsi üçün açıq saxlanılsın.

Təklif edilən bu çözüm paketinin başlıca elementlərinə Ermənistanın dəstəklədiyi Dağlıq Qarabağ silahli qüvvələrinin qurumun ətrafındakı işğal edilmiş Azərbaycan rayonlarından çıxarılması; qurumu yenidən özünə birləşdirmək məqsədi ilə Azərbaycanın gücdən istifadədən imtina etməsi; beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi; məcburi köçkünlərin qayıtması; və ticarət əlaqələri və kommunikasiya xətlərinin yenidən açılması daxildir. Son olaraq, Dağlıq Qarabağın statusu Qarabağ erməniləri və azərbaycanlılarının müstəsna iştirakı ilə keçirilən beynəlxalq səviyyədə tanınan referendumla müəyyən edilməlidir. Lakin bu referendum sözü gedən tədbirlərin görülməsindən sonra baş tuta bilər. Bu vaxta kimi Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalaraq, praktik cəhətdən özünü idarə edir və beynəlxalq səviyyədə qəbul edilən müvəqqəti statusa malik olur.

Hazırda Ermənistanın və Azərbaycanın mövqeləri ən vacib məqamlarda üst-üstə gəlmir. Azərbaycan öz ərazi bütövlüyündə heç bir güzəştə getmir, eyni zamanda yalnız Dağlıq Qarabağ əhalisinin son statusa səs verməsi ilə razılaşmır. Ermənistan Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş yeddi rayondan silahlı qüvvələrin çıxarılmasına çalışmır, həmçinin Dağlıq Qarabağın müstəqilliyi reallığa çevrilənə kimi Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin qayıtmasına imkan vermir. Qurumun son statusunu müəyyən etmək üçün mümkün plebisit barədə ilkin müzakirələr aparılmışdır, lakin kimin nəyə və necə səs verməsi, belə səsvermə üçün kontekst yaradacaq digər çözüm şərtləri kimi detallar üzrə tərəflər razılığa gələ bilməmişlər.

Hazırda Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdikləri Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu 1994-cü ildən danışıqlara köməklik göstərmişdir. On ildən artıq səmərə verməyən danışıqlardan sonra, 2004-cü ildə görüşlərin yeni formatına – Praqa Prosesinə başlanıldı. Bu formatda Ermənistan və Azərbaycan xarici işlər nazirləri birbaşa danışıqlarda iştirak edirlər. Ötən on iki ay müddətində ATƏT həmsədrləri eyni nikbinliklə açıq bildirdilər ki, tezliklə razılaşma əldə olunacaq. Lakin bu ümumiləşdirilmiş nikbinliyi çox dəqiq və aydın sazişə və reallığa çevirmək zərurəti qalmaqda davam edir.

Böhran Qrupunun bundan əvvəlki məruzəsində Dağlıq Qarabağ və ətraf rayonların erməni və Azərbaycan icmalarının hazırkı yaşayışını və münaqişənin çözümünə dair mövqelərini tədqiq edilir.[1] Həmin məruzədəki ümumi məlumatla müqayisədə bu məruzə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini araşdırır, 1992-ci ildən davam edən ATƏT-in aparıcılıq etdiyi danışıqlar prosesini təhlil edir, işlənilə və əldə edilə bilən sülh planının zəruri elementlərini müəyyən edir.

TÖVSİYƏLƏR

Hərbi əməliyyatların yenidən başlamasına imkan verməmək üçün:

1.  Münaqişənin bütün tərəfləri 1994-cü ilin atəşkəsinə əməl etməli, gücün tətbiq edilməsindən çəkinməli, gücdən istifadəni təbliğ etməməli və hərbi büdcələrin artmasını saxlamaqla regionda qızğın silahlanmaya son qoymalıdır.

Münaqişənin çözülməsi məqsədilə müvafiq mühiti yaratmaq üçün:

2.  Azərbaycan Dağlıq Qarabağın de facto hakimiyyəti ilə birbaşa əlaqələrini bərpa etməli və Qarabağ azərbaycanlıları və Qarabağ erməniləri arasında daha yaxın əlaqələrin inkişaf etdirilməsinə kömək göstərməlidir.

3.  De facto Dağlıq Qarabağ hakimiyyəti əvvəllər azərbaycanlıların çoxluq təşkil etdiyi ərazilərdə ermənilərin məskunlaşmasına son qoymalıdır. Bura daxildir:

a) bu ərazilərdə torpaq, ev və müəssisələrin özəlləşdirilməsinin dayandırılması;

b) Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərdə yerli inzibati strukturların və infrastrukturun yaradılmasının dayandırılması; və

c) azərbaycanlıların qalmış evlərinin mühafizəsi.

4.  Ermənistan de facto Dağlıq Qarabağ hakimiyyətini münaqişənin həll olunmasında daha barışdırıcı mövqe götürməyə çağırmalıdır.

Ayrı-ayrı mübahisəli məsələləri həll etmək üçün:

5.  Tərəflər aşağıdakı elementləri əhatə edən razılaşma imzalamalıdırlar:

a) Sülh sazişinin tətbiqi ilə bağlı meydana çıxan hər hansı mübahisələrin həll edilməsi üçün təhdid və ya gücün tətbiqindən imtina;

b) Sazişin həyata keçirilməsinə rəhbərlik etmək üçün Azərbaycan və Dağlıq Qarabağ nümayəndələrinin daxil olduğu və ATƏT-in sədrlik etdiyi birgə komissiyanın yaradılması;

c) Dağlıq Qarabağın ətrafındakı bütün işğal edilmiş ərazilərdən Ermənistanın dəstəklədiyi Dağlıq Qarabağ silahlı qüvvələrinin artan istiqamətdə çıxarılması, lakin bu proses beş rayonla başlamalı və beynəlxalq sülhməramlıların yerləşdirilməsi ilə eyni zamanda həyata keçirilməlidir;

d) Ermənistanın dəstəklədiyi Dağlıq Qarabağ silahlı qüvvələrinin Murov dağ keçidində müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra Kəlbəcər rayonundan və Laçın dəhlizi ilə təhlükəsiz əlaqəyə zəmanət verən razılaşmalar imzalandıqdan sonra Laçın rayonundan çıxarılması;

e) silahlı qüvvələrin çıxarılması və beynəlxalq sülhməramlıların yerləşdirilməsi baş tutduqdan sonra məcburi köçkünlərin əvvəllər işğal edilmiş rayonlardakı müharibədən əvvəlki evlərinə təhlükəsiz və könüllü surətdə qayıtması;

f) bütün blokadaların aradan qaldırılması və münaqişə nəticəsində bağlanmış bütün nəqliyyat və ticarət xətlərinin (yol və dəmiryol) yenidən açılması daxil olmaqla insan və malların sərbəst hərəkətinə təminat;

g) BMT, Beynəlxalq Qırmızı Xaç Komitəsi, ATƏT və qeyri-hökumət təşkilatları daxil olmaqla beynəlxalq təşkilatlarla birgə inamın artırılması tədbirlərinin həyata keçirilməsi; və

h) Aşağıda göstərildiyi kimi, Dağlıq Qarabağın son statusunu əldə etmək üçün referendum mexanizminin müəyyən edilməsi; bu şərtlə ki, həmin vaxta kimi qurumun beynəlxalq səviyyədə tanınan müvəqqəti statusu və beynəlxalq nəzarət altında seçilmiş idarəetmə orqanları olmalıdır.

6.  Dağlıq Qarabağın son statusu öz müqəddəratını təyin etmə referendumunda müəyyən edilməlidir. Bu referendum:

a) azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağda əvvəllər azərbaycanlılar çoxluq təşkil etdiyi ərazilərə qayıtdıqdan sonra və beynəlxalq konfransda Dağlıq Qarabağın dövlətçilik üçün azlıqların hüquqlarının qorunması da daxil olmaqla beynəlxalq ilkin şərtlərə cavab verməsini müəyyən etdikdən sonra keçirilə bilər. Belə bir yoxlama ilk dəfə sülh sazişi imzalandıqdan beş il sonra aparıla bilər;

b) Dağlıq Qarabağa Azərbaycanla birləşmək və ya Azərbaycandan ayrılmaq alternativləri daxil olmaqla müvafiq alternativ variantlar verə bilər;

c) Qarabağ erməniləri və azərbaycanlılarının müstəsna iştirakı ilə keçiriləcək; və

d) ATƏT-in sədrlik etdiyi danışıqlarda razılaşdırılan dəqiq üsulları əldə edə bilər. Bu danışıqlar bütün tərəflərin nəticələrin həqiqiliyinin tanınması prinsipi əsasında keçirilə bilər.

Çözümün ictimaiyyət tərəfindən qəbul edilməsinə köməklik:

7.  Azərbaycan Qarabağ azərbaycanlılarına danışıqlarda və daxili siyasi proseslərdə daha böyük rol oynamalarına imkan yaratmalıdır. Bura daxildir: Qarabağ azərbaycanlılarına öz icma başçılarını seçmək imkanı verən qanunun qəbul edilməsi, 2005-ci il parlament seçkilərində məcburi köçkünlərin səsvermə hüquqlarının təminatı və bütün namizədlərə ictimai yerlərdə kampaniya keçirməyə icazənin verilməsi.

8.  Azərbaycan və Ermənistanın dövlət rəsmiləri və KİV “əks tərəfə” qarşı müharibəyə çağırışlardan və ksenofob ifadələrdən istifadə etməməlidir.

9.  Danışıqlar prosesində iştirak edən rəsmilər bu proses haqqında məlumatın yayılması üçün geniş ümumi strategiya barəsində razılığa gəlməli, mümkün sazişin detallarını ictimaiyyətə təqdim etmək üzrə səylərini koordinasiya etməli və çox həssas məsələlər ətrafında debatlara başlamağa hazır olmalıdırlar.

İnamın artırılması və davamlı sülhün təminatı:

10.  Donorlar Ermənistan və Azərbaycana fövqəladə hallara cavab layihələri də daxil olmaqla kiçik, sərhədyanı, subregional ticarət, humanitar və səhiyyə layihələrinin hazırlanmasında və həyata keçirilməsində yardım göstərməli, vətəndaş cəmiyyəti, müəllimlər və jurnalistlər üçün qarşılıqlı anlaşma, dözümlülük və barışığı inkişaf etdirən proqramları maliyyələşdirməli və icra edilməsində köməklik göstərməlidir.

11.  Donorlar Dağlıq Qarabağ və işğal edilmiş qonşu rayonların ehtiyaclarını birgə qiymətləndirmə missiyasını həyata keçirməli, sülh sazişi bağlandıqdan sonra isə beynəlxalq donor koordinasiya konfransını keçirməli və keçmiş münaqişə zonasında layihələrin icrasına başlamalıdırlar.

12.  Ermənistan və Azərbaycan müharibə cinayətlərini təhqiq etməli, bu cinayətlərə görə məsuliyyət daşıyanları məhkəməyə cəlb etməli və münaqişədə iştirak edən, lakin ciddi pozuntular törətməyənləri əfv etmək üçün qanun qəbul etməlidirlər.

13.  Ermənistan və Azərbaycan müştərək komissiya yaradıb:

a) münaqişənin səbəb və nəticələrinə siyasi qiymət verməli; və

b) dövlətlərarası əmlakın qaytarılması və kompensasiya məsələləri ilə məşğul olmalıdır.

Sülh sazişinin perspektivlərini artırmaq və ona sabitlik vermək üçün:

14.  BMT Təhlükəsizlik Şurası, ATƏT və Avropa Birliyinin (AB) Nazirlər Şurası sülh sazişinin zəmanətçisi öhdəliyini üzərinə götürməlidirlər.

15.  Yerlərdə tərəflər arasında əlaqələrə köməklik etmək və inamı artırmaq məqsədi ilə ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi Nümayəndəsinin mandatına vətəndaş cəmiyyəti, KİV və siyasi müxalifət qüvvələri ilə işləməyi və işğal edilmiş ərazilərdə siyasət, insan hüquqları və seçkilər üzrə mütəxəssislərin işləyəcəyi ofisin açılmasını daxil edilməlidir.

16.  AB Cənubi Qafqaz üzrə öz Xüsusi Nümayəndəsinin bölgədə ofisini təsis etməklə münaqişənin həlli səylərində daha fəal iştirak etməlidir.

17.  AB Ermənistan və Azərbaycanla öz Fəaliyyət Planlarına inamın artırılmasını təbliğ etmək üçün uzunmüddətli proqram və strategiyalar daxil etməlidir.

Tiflis/Brüssel, 11 oktyabr 2005-ci il

 


[1] Böhran Qrupunun Avropa Məruzəsi №166, Dağlıq Qarabağ: münaqişəyə bölgədən baxış, 14 sentyabr 2005-ci il.

More Information