icon caret Arrow Down Arrow Left Arrow Right Arrow Up Line Camera icon set icon set Ellipsis icon set Facebook Favorite Globe Hamburger List Mail Map Marker Map Microphone Minus PDF Play Print RSS Search Share Trash Crisiswatch Alerts and Trends Box - 1080/761 Copy Twitter Video Camera  copyview Whatsapp Youtube
Ruined houses at the entrance to Kubatly town. All rights reserved
Report 255 / Europe & Central Asia

Dağlıq Qarabağ məsələsini dalandan çıxarma

Əgər Ermənistan və Azərbaycan cəld davransalar, Dağlıq Qarabağ mübahisəsi üzrə uzun illər davam edən durğunluqdan çıxa biləcəklər. Onlar çətin məsələlərdə - məskunlaşma, sülhməramlı qüvvələr və Dağlıq Qarabağın gələcək statusuyla bağlı dinc danışıqları paket halında deyil, bir-birinə istinad etmədən, ayrıca müzakirə edə bilərlər.

  • Share
  • Save
  • Print
  • Download PDF Full Report

Xülasə

Azərbaycan və Ermənistan Dağlıq Qarabağın taleyi ilə bağlı can çəkişən sülh prosesini gündəliyə qaytarmaq üçün yaranmış məhdud fürsəti əldən vermək riski ilə üz-üzədir. Belə olacağı təqdirdə, Bakı və Yerevan nəinki son zamanlar danışıqlarda əldə olunan qazancları itirə, həm də sülh prosesini qeyri-müəyyən tarixədək dəfn edə bilərlər.

Bunun baş verməməsi üçün münaqişə tərəflərinin çevik davranması müdrik addım olar. Onlar qarşıdurmanın əsasını təşkil edən məsələlərə dair danışıqlara başlaya bilərlər: ermənilərin məskunlaşdığı Dağlıq Qarabağın ətrafındakı rayonların gələcəyi; beynəlxalq sülhməramlı qüvvələrin mümkün forması və əsas məsələ olan Dağlıq Qarabağın gələcək statusu.

Dağlıq Qarabağın ətrafındakı rayonlarla bağlı müəyyən vaxt çərçivəsində yeni məskunlaşma məntəqələrinin salınmaması vədinə cavab olaraq, Azərbaycanın da hər hansı bir beynəlxalq hüquqi addım atmasına və ya mümkün yeni sanksiyalara başlamasına fasilə verməsi vəziyyətin yumşaldılmasına və digər əsas mübahisəli məsələlər üzrə dialoqun bərpasına kömək edə bilər.

Sülhməramlı qüvvələrin perspektivinə gəlincə, 1990-cı illərdə məhz bu cür missiyanın planlaşdırması məqsədilə təsis olunan ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) planları yenidən nəzərdən keçirilə bilər.

Tərəflərin Dağlıq Qarabağın  gələcək statusu ilə bağlı mövqeləri bir-birindən çox uzaq olsa da, məsələylə bağlı təmkinli şəkildə qeyri-rəsmi danışıqların aparılması yenə də faydalı ola bilər.

2019-cu ilin əvvəlində münaqişənin həlli ilə bağlı irəliləyiş istəyi gözə çarpırdı.Yerevandakı yeni hökumət kompromis həll yolu axtarmağa hazır olduğunu açıqlamışdı. Belə görünürdü ki, rəsmi Bakı da münaqişənin həlli yollarını axtarmağa daha açıq idi. Bununla 1992-1994-cü illərdəki müharibədən bəri davam edən və 2016-cı ildə yüzlərlə insanın ölümünə səbəb olan ağır toqquşmalar nəticəsində daha da zərər görən iki ölkənin münasibətləri bir qədər yaxşılaşdı.

Diplomatik danışıqların bərpası isə gərginliyin azalmasına və iki ölkə arasında sülh danışıqları üçün daha əlverişli mühitin yaranmasına imkan verdi. Ermənistan və Azərbaycan hakimiyyəti özlərinin beynəlxalq sərhədlərində humanitar layihələrin həyata keçirilməsinə razılıq verdi, jurnalistlərdən ibarət nümayəndə heyətinin qarşılıqlı mübadiləsini dəstəklədi və yaxın qohumlarının əsirləri saxlandıqları müvafiq paytaxtlarda ziyarət etmələrinə şərait yaratdı.

Lakin bu yaxınlaşma hələ də sülh danışıqlarının yenidən başlamasına səbəb olmayıb. Tərəflər arasında Dağlıq Qarabağla bağlı fikir ayrılığının əsas məqamları üzərində müzakirə, on ildən çoxdur, yerində sayır. Mövqelərdə illərdir davam edən bu fərqlilik daha da sərtləşib: rəsmi Yerevan, rəsmi Bakı və Dağlıq Qarabağın paytaxtı Stepanakertdəki faktiki hakimiyyət Dağlıq Qarabağın son taleyi ilə bağlı barışmaz tələblər irəli sürməkdə davam edirlər. Üstəlik, son aylarda hər iki ölkə liderinin Dağlıq Qarabağla bağlı qarşı tərəfin təxribat kimi qəbul etdiyi bir-birlərinə qarşı iddialı bəyanatları Ermənistan-Azərbaycan münasibətlərini yenidən soyudub.

Əgər tərəflər 2019-cu ildə əsası qoyulmuş nailiyyətlərdən bəhrələnərək, münasibətləri inkişaf etdirməsələr, cəbhəboyu nisbi sakitlik dövrü başa çata bilər.

Kompromis tapmaq  üçün yeni cəhdlər qarşıdurma ehtimalının qarşısını almağa kömək edə bilər. Ələlxüsus, tərəflər 1992-1994-cü illər müharibəsindən bəri razılaşa bilmədikləri üç məsələni təkrar nəzərdən keçirə bilərlər:

Birinci məsələ, Dağlıq Qarabağın ətrafındakı ərazilərin taleyidir.

Müharibə zamanı yerli Azərbaycan əhalisi bu əraziləri tərk etmək məcburiyyətində qalıb. Orada ilk məskunlaşanlar isə, əsasən Azərbaycanı tərk edən etnik ermənilər olub. Hal-hazırda Stepanakert bu əraziyə nəzarəti həyata keçirir və Ermənistanla Dağlıq Qarabağ arasında, demək olar ki, bütün ərazidə yaşayış məntəqələrinin genişlənməsini maliyyələşdirir.

Məskunlaşanlar inkişaf etdirilən kənd təsərrüfatı sənayesi sayəsində bölgənin iqtisadiyyatına mühüm töhfə verirlər və bunun hesabına sıfırdan yaratdıqları evlərinə və icmalarına möhkəm bağlıdırlar. Həm məskunlaşanların, həm də bu yerləri tərk etmək məcburiyyətində qalanların mənafelərinə uyğun gələn və bu ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasını təmin edəcək bir həll yolunu tapmaq asan məsələ olmayacaq.

Danışıqlar üçün əlverişli şərait yaratmağın bir yolu Ermənistanın Dağlıq Qarabağın faktiki rəhbərliyini yeni yaşayış məntəqələri salmaq planlarını müvəqqəti saxlmağa inandırması və bunun müqabilində də Azərbaycanın məskunlaşma məsələsində beynəlxalq məhkəmələrə iddia qaldırmaqdan və müəyyən müddətə sanksiyaların tətbiqindən müvafiq zaman çərçivəsində  imtina etməsinə söz verməsi ola bilər.

Rəsmi Yerevan məskunlaşma məntəqələrinin genişləndirilməsi qərarının Stepanakertin əlində olduğunu iddia edir. Reallıqda isə Ermənistan Dağlıq Qarabağın əsas təhlükəsizlik təminatçısı rolunu oynamasına, büdcəsinin təxminən yarısını təmin etməsinə və ordan ixrac olunan məhsullara  bazar yaratmasına görə, ona əhəmiyyətli dərəcədə təsir imkanlarına sahibdir.

Öz növbəsində, çox güman ki, Bakı bu cür qarşılıqlı addımlara qarşı çıxacaq, çünki yaşayış məntəqələrinin ekspansiyasının dondurulması müqabilində qanuni tədbirlərdən istifadədən müvəqqəti imtinası Azərbaycanın mövcud məskunlaşma faktını qəbul etməyə hazır olması təəssüratı yarada bilər. Bu, rəsmi Bakıya onun mövqeyinə beynəlxalq birliyin artan dəstəyi fonunda daha səmərəsiz görünə bilər. Bu cür fikirlərin əksinə olaraq,  rəsmi Bakı  beynəlxalq hüquq baxımından  məskunlaşmanın qeyri-qanuni olduğu barədə ictimai mövqeyində qaldığını bəyan edərək, yeni sanksiyalardan və qanuni tədbirlərdən istifadəni müvəqqəti dayandıra bilər. Beləliklə, Bakı mövcud məskunlaşmanın genişləndirilməsinə qarşı çıxmaqda davam edəcəyini  ictimai şəkildə göstərəcəkdir.

İkinci məsələ, mümkün beynəlxalq sülhməramlı və ya monitorinq missiyasının tərkibi və mandatı barədədir.

Belə bir missiya, zorakılıq riskini minimuma endirməyə, sülh razılaşması üçün şərait yaratmağa, razılaşma əldə edildikdə isə onun monitorinqinə və ya tətbiqinə kömək edə bilər.

1994-cü ildən bəri, bu məsələ ilə bağlı zaman-zaman, xüsusən də Rusiya tərəfindən müxtəlif təkliflər səslənsə də, əraziyə beynəlxalq sülhməramlı missiya yerləşdirilməyib. Hər iki tərəf Rusiya qüvvələrinin digər iştirakçılardan üstün olacağı və ya yalnız hərbi qüvvələrin çoxluqda olacağı beynəlxalq sülhməramlı missiyaya qarşı çıxmaqda davam edirlər. 1990-cı illərdə belə missiyaların planlaşdırılması üçün ATƏT tərəfindən Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis edilsə də, rəsmi danışıqlarda irəliləyişin olmaması səbəbindən, həmin qurum funksionallıq nümayiş etdirə bilməyib.

Münaqişə tərəflərinin dəstəyi ilə ATƏT YSPQ-nin işini canlandıra və ona məhdud vaxt (məsələn, bir il) çərçivəsində bir neçə sülhməramlı missiya variantını inkişaf etdirmək üçün xüsusi mandat verə bilər. YSPQ-nin hazırlayacağı təkliflər münaqişə tərəfləri tərəfindən missiyanın müzakirəsi üçün baza rolunu oynaya bilər.

Sonuncu məsələ Dağlıq Qarabağın müstəqillik iddiasıdır ki, münaqişənin əsasını və ən çətin tərəfini təşkil edir.

Ermənistan və de-fakto Dağlıq Qarabağ müstəqil dövlətçilikdə israr edir. Rəsmi  Bakı isə, ən yaxşı halda, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa özünüidarəetmə forması təklif etməyə hazırdır.

Tərəflərin bu məsələdə ortaq fikirlərinin az olmasına baxmayaraq, hələ də kiçik irəliləyiş əlamətlərini sezmək olur. Azərbaycanda yüksək vəzifəli şəxslər Dağlıq Qarabağa veriləcək muxtariyyətin parametrləri və referendumun necə təşkil edilə biləcəyi məsələsini tədqiq edirlər. Azərbaycanın  statusla bağlı fikirləri həm Yerevan və ya Stepanakertin qəbul edə biləcəyindən çox uzaq, həm də Dağlıq Qarabağdakı mövcud həyat reallıqlarını və idarəetmə sisteminin tələblərini  tam əks etdirmir. Ancaq bu fikirlər (tezislər) danışıqların başlanğıc nöqtəsi ola bilər. Məsələnin həssaslığını və fikir ayrılıqlarının dərəcəsini nəzərə alanda, bu məsələ ilə bağlı danışıqlara təmkinli şəkildə yarırəsmi formatda başlanması lazım olacaq.

Əvvəlki danışıqlar əsasən tərəflər arasındakı fikir ayrılığı və etimadsızlıq səbəbindən uğursuz olsa da, bəlkə də, üç məsələnin hər zaman vahid paket halında müzakirə edilməsi problemin həllinə heç bir fayda vermədi. Bu üç məsələnin həlli bir-birinə bağlıdır və onlardan birində proqress əldə olunması yerdə qalan digərlərində də irəliləyişə təkan verəcək.

Lakin tərəflər ilk iki məsələdə - məskunlaşma və beynəlxalq sülhməramlıların və ya monitoriqin potensial rolunda – ləng davranması üçüncü - Dağlıq Qarabağın statusu məsələsinin müzakirəsinə təsir göstərə biləcəyindən çəkindikləri üçün baş verdi. Bu məhdudiyyəti aradan qaldırmaq üçün tərəflər bir məsələdə əldə olunacaq hər hansı razılaşmanın digər məsələlər üzrə danışıqlara xələl gətirməyəcəyi barəsində razılığa gələ bilərlər.

Tərəflər arasında birbaşa danışıqlar, qaçılmaz olaraq, risklərə səbəb olur.  Bu, tərəflərin mövqeləri arasındakı fərqi nümayiş etdirə, bununla da qarşılıqlı qəzəbin artmasına və son ayların qazancının potensial olaraq itirilməsinə yol açar.

Lakin onsuz da illərlə danışıqlardakı durğunluq mümkün həll yollarını axtarmağı daha da çətinləşdirib və ermənilərlə azərbaycanlıları bir-birindən təcrid edib.

Zaman ötdükcə, mövcud  faktlar daha çox özünə yer tapacaq, onları aradan qaldırmaq da bir o qədər  çətinləşəcək və müharibə riski xeyli artacaq. İndiyəqədərki danışıqlar mövcud vəziyyəti daha da gərginləşdirə bilər, lakin danışıqların aparılmaması isə məhz bu nəticəni təmin edəcək. Danışıqlar masasına  qayıtmaq çətin olsa da,  Ermənistan və Azərbaycanın çıxılmaz vəziyyətdən qurtulması üçün edə biləcəkləri yeganə yol budur.

Bakı/Yerevan/Stepanakert /Тbilisi/Brüssel, 20 dekabr 2019-cu il